NƏZAKƏT


Nəzakət ilk baxışda bizə ən sadə görünən dəyərdir, çünki uşaqlıqdan valideynlərimiz, müəllimlərimiz, bir sözlə böyüklər bizə nəzakətli olmağı öyrədirlər. Bununla yanaşı, biz bütün nəzakət qaydalarını, davranış və danışıq tərzini tənzimləyən amilləri yaxşı bilirikmi? Ümumi nəzakət qaydaları mövcuddur, amma diqqətlə incələsəniz, görərsiniz ki, hər mədəniyyətin, hər çağın öz nəzakət qaydaları var. Nəzakət müəyyən düsturların işlədilməsi ilə ifadə olunur, məsələn: salam, sağ ol, xoş gəlmisiniz, üzr istəyirik, lütfən, təşəkkür edirəm və s. Adətən danışdığınız şəxsə gülümsəmək, geyiminizi şəraitə uyğunlaşdırmaq və s. bu qəbildən olan etiketlər də nəzakətli davranışı səciyyələndirir. Dünyada heç kim nəzakətli doğulmur. Heç bir yeni doğulmuş körpə salam verməyi və ya təşəkkür etməyi bilmir. Nəzakət qazanılır. Həm də, həyat yoldaşı, uşaqlar, müdir, dostlar, cüdo müəllimi ilə danışarkən, eyni şəkildə müraciət etmirsən. Nəzakət kodlarından istifadə edərək, həmsöhbətimizə konkret siqnallar göndəririk. 

2000-ci illərdə Fransada həssas məhəllələrdə həyata keçirilən sosial proqramlar zamanı cüdo müəllimləri nəzakətin beş sütununu vurğulayırdılar: salam, təşəkkür edirəm, əlvida, lütfən, xoş gəlmisiniz. Həmin sütunları oxuyub, tətbiq edə bilməyən şəxs dojoya daxil ola bilməzdi. Avtomatik qiraət kimi görünən bu metod tez bir zamanda uşaqlar və cüdo müəllimi arasında sosial birlik üçün güclü vasitəyə çevrildi. Tatamidə öyrənilən nəzakət dojodan kənarda, məktəb və ailə mühitinə daşındı. Gördüyümüz kimi, nəzakət heç kəsə doğum zamanı gümüş qaşıqda təqdim edilmir. 

Amma nəzakətli olmamaq hətta təhqir sayıla bilər. Buna görə, cüdo müəllimi diqqətli və həssas olmalıdır. Uşaqlar ilk dəfə tatamiyə gələrkən, müəllimin əzəli missiyalarından biri onları hər-birinə hörmətlə və nəzakətlə yanaşmağa çağırmaqdır. Təkcə “salam” və “sağ ol” bilmək kifayət deyil, həm də başqalarını dinləmək və onlara hörmət etmək önəmlidir. Cüdo təcrübəsi sayəsində siz mübahisə etməmək, dalaşmamaq bacarığını öyrənmiş olursunuz: “Mən biriylə razılaşmayanda mübahisə etməyəcəyəm. Mübahisə etmək əvəzinə deyə bilərəm ki, razı deyiləm, çünki fərqli fikrim var”. Kris Marker deyib ki: “Yumor ümidsizliyin nəzakətidir”. Cüdo ilə məşğul olmaq bizə hər bir situasiyada gülümsəmək qabiliyyətimizi qoruyub saxlamaq imkanı verir.